“İnter”in prezidenti Cüzeppe Marotta Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası – FIFA-nı tənqid atəşinə tutub.
Arena.az məlumat verir ki, Marottanı müvafiq mövqe tutmağa FIFA-nın, “neradzurri”nin argentinalı hücumçusu Lautaro Martinesi, qurumun 2024-cü ilin ən yaxşı oyunçusu seçimi üzrə namizədlərin siyahısına daxil etməməsi olub:
“Lautaro Martinesin müstəsna bir mövsümdən sonra FIFA tərəfindən ilin ən yaxşı oyunçusu seçimi üzrə namizədlərin siyahısına daxil edilməməsi təəccüblü və məyusedicidir. Onun möhtəşəm çıxışları “İnter”in tarixi yüksəliş əldə etməsinə və yığmada ən sərrast qolçu olaraq, Argentina yığmasının Amerika Kubokunda qalibiyyətinə töhfə verdi. Lautaro daha çox hörmətə və tanınmağa layiqdir.
Görünür, təkcə rəqəmlər və uğurlar yox, həm də futbolçunun həlledici görüşlərə təsiri nəzərə alınmır. Bu, mənfi məqamdır. Bu qədər yaxşı çıxış edən futbolçular mükafatlandırılmalıdır. Biz yalnız ümid edə bilərik ki, gələcəkdə meydanda Lautaro kimi parlayacaq oyunçular üçün ədalətli tanınma olacaq”, – Cüzeppe Marotta AS dərgisinə açıqlamasında bildirib.
Lautaro Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 16 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 298 oyun, 135 qol, 47 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 70 oyuna çıxıb, 32 qol vurub, 9 məhsuldar ötürmə verib.
Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı hücumçunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


