Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu, 2022-ci ilin yayından klubsuz olan Cüzeppe Rossi yenidən karyerasını bərpa edib. Arena.az xəbər verir ki, 36 yaşlı futbolçu ötən mövsüm başa çatan kimi yollarını ayırdığı SPAL-a qayıdıb.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə Daniele De Rossini istefaya göndərib, baş məşqçi postuna Massimo Oddonu gətirən sözügedən klub, Cüzeppe Rossini də geri qaytarmağa qərar verib. Tərəflər arasındakı müqavilə bu mövsümün 30 iyununa kimi nəzərdə tutulub. Təcrübəli futbolçu köhnə-yeni klubunda 49 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Cüzeppe Rossi 2021-ci ilin noyabrından 2022-ci ilin yayına kimi SPAL-da cəmi 14 oyuna çıxıb və 3 qol vurub. O, daha öncə “Mançester Yunayted”, “Nyukasl”, “Parma”, “Vilyarreal”, “Fiorentina”, “Levante”, “Selta”, “Cenoa”, “Real Solt Leyk” klublarında da forma geyinib. İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Rossi, əsas milli komandada 30 oyuna 7 qol vurub.