Azərbaycan atleti Dadaş Dadaşbəyli Bolqarıstanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında möhtəşəm uğura imza atıb.
Arena.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunmuş və fevralın 12-də start verilmiş Avropa çempionatı başa çatmaq üzrədir.
43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) qatıldığı yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış ediblər. Bu gün onlardan son olaraq Dadaş Dadaşbəyli körpücük üzərinə qalxıb. O, 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Dadaş birdən qaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub.
Atletimiz təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
Dadaşbəyli toplam 388 kq (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.
Sofiyadakı Avropa çempionatına sabah yekun vurulacaq. Azərbaycan yığması bu turnirə bütövlükdə 9 atletlə yollanmışdı. Lakin Dadaşdan fərqli, digər atletlərimizin çıxışı uğursuz alınıb.
Sonda digər atletlərimizin də nəticələrini təqdim edirik:
– Nazilə İsmayılova (45 kq): Yekun sıralamada 11-ci olub.
– Tehran Məmmədov, İsa Rüstəmov (hər ikisi 67 kq): Tehran 12-ci, İsa isə 5-ci olub.
– Ömər Cavadov (73 kq): Yekun sıralamada 9-cu yeri tutub.
– Füqan Əliyev, Ravin Alməmmədov (hər ikisi 81 kq): Ravin zədə səbəbindən yarışı nəticəsiz başa vurub, Füqan isə 12-ci yeri tutub.
– Nurlan Məmmədzadə (89 kq): Zədə səbəbindən yarışı nəticəsiz başa vurub.
– Əli Şükürlü (102): Yekun sıralamada 8-ci yeri tutub.