Dadaş Dadaşbəyli Avropa üçüncüsü oldu

Rusiyanın paytaxtı Moskvada keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, 40 ölkədən 361 idmançının (179 qadın+182 kişi) iştirak edəcəyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayıblar.

Boyanka Kostovadan (59 kq) sonra çıxış növbəsi kişilərdə Əliş Nəzərov və Dadaş Dadaşbəyliyə çatıb.

Onlar 102 kq çəki dərəcəsində mübarizə aparıblar. Əliş Nəzərov toplam 315 kq (141+174) nəticə göstərib və 13-cü yeri tutub.
Dadaş Dadaşbəyli isə böyük uğur qazanıb. Atletimiz birdən qaldırma hərəkətində 177 kq nəticə ilə bu hərəkətdə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb.

Təkanla qaldırma hərəkətində 202 kq nəticə göstərən idmançımız bu hərəkətdə 7-ci olub.

Toplam 379 kq (177+202) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada bürünc medala sahib çıxıb.