Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının 2-ci qran-prisində qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən turnir davam edir.
Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir. Yarışda ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Bu gün onlardan son olaraq Dadaş Dadaşbəyli mübarizəyə qoşulub. O, 109 kq çəki dərəcəsində çıxış edib.
İdmançımız birdən qaldırma hərəkətində 176 kq-ı ram edib və bu hərəkətin qalibi olub. Dadaş təkanla qaldırma hərəkətində 212 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 388 (176+212) kq nəticə göstərən Dadaşbəyli, yekun sıralamada da hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Xatrladaq ki, Azərbaycan millisi Qətərə bütövlükdə dörd atletlə yollanmışdı. Dadaşdan öncə Ömər Cavadov, Əli Şükürlü və Nazilə İsmayılova da bu yarışda qüvvəsini sınamışdı. Lakin onlar Dadaşbəylidən fərqli yarışı medalsız başa vurmuşdular.