Dadaşov “Kayserispor”a qarşı 24 dəqiqə oynadı – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 29-cu turu çərçivəsində “Kayserispor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfər oyunundan heç-heçə ilə ayrılıb – 1:1. Hataylılar 2-ci dəqiqədə hesabı açsalar da, 23-cü dəqiqədə bu üstünlüyü əldən veriblər.

Dadaşov bu oyunun 66-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 29 turdan sonra 30 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Komanda keçirdiyi 29 oyunda 6 qələbə qazanıb, 12 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 25 oyun keçirib və 4 qol vurub.