Damian Pisarro “Udineze”yə gəldi, Uolas satıldı

Çilinin “Kolo-Kolo” klubunun gənc hücumçusu Damian Pisarro bundan sonra “Udineze”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

19 yaşlı futbolçunun transferi A Seriyası tmsilçisinə 3,5 milyon avroya başa gəlib. Tərəflər arasında 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Damian Pisarro “Kolo-Kolo”nun öz yetirməsidir. Çilili hücumçu bu komandanın heyətində meydana çıxdığı 58 oyunda 12 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Pisarro ötən il Çilinin əsas yığma komandasında debüt edib. Amma əsas millidə onun hesabında cəmi 1 oyun var.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 6,5 milyon avro məbləğində qiymətləndirir.

“Udineze” braziliyalı dayaq yarımmüdafiəçisi Uolas Souza Silva ilə də yollarını ayırıb. İtaliya klubu 29 yaşlı futbolçunu Braziliya “Kruzeyro”suna 8 milyon avroya satıb.

Uolas Souza Silva “Udineze”yə 2019-cu ilin avqustunda Almaniyanın “Hannover” klubundan 6 milyon avro qarşılığında keçmişdi. O, İtaliya klubunun heyətində 165 oyuna çıxıb, 3 qol və 1 assist müəllifi olub. Braziliyalı yarımmüdafiəçi daha öncə ölkəsində “Qremio”nun da uğurları üçün çalışıb.

Uolas Braziliyanın aşağı yaş qruplarında da oynayıb, 2016-cı ilin iyununda isə əsas millidə debüt edib. Onun hesabında əsas yığma ilə meydana çıxdığı 5 oyun var. Lakin “dayaqçı” bu görüşlərdə fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.