Dani Alves Meksika klubu ilə müqavilə bağladı

Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alves özünə yeni klub tapıb. Arena.az xəbər verir ki, bu yay “Barselona”dan ayrılan braziliyalı futbolçu azad agent kimi Meksikanın “Pumas” klubuna keçib.

Bu barədə təcrübəli futbolçunun yeni klubu məlumat yayıb. 39 yaşlı sağ cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Alvesin “Barselona” ilə iyunun 30-da başa çatan müqaviləsi yenilənməyib. Müdafiəçi ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlər çərçivəsində 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Dani Alves 2021-ci ilin noyabrında Kataloniya klubuna qayıtmışdı. 39 yaşlı futbolçu 2008-2016-cı illərdə də “Barselona”da oynayıb. O, həmin dövrdə bu komandada 391 matça çıxıb, 21 qola imza atıb. Müdafiəçi karyerası ərzində “Bahia, “Sevilya”, “Yuventus”, PSJ və “San Paulo” kimi klublarda da forma geyinib. Braziliya yığmasında 124 matça çıxan Dani, 8 qol vurub.

Xəbəri istədiklərinizlə paylaşın