Dani Alves onu zorlamada ittiham edən qadınla anlaşa bilmədi

Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves onu zorlamada ittiham edən qadınla məsələni çözmək üçün cəhdində uğursuzluğa düçar olub.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Dani Alvesin nümayəndələri futbolçunu, zorlamada ittiham etmiş qadının barışığa gəlməsi və ona maddi təzminat ödənilməsi ilə bağlı danışıqlarda qarşı tərəflə razılığa gələ bilməyiblər.

Mənbənin məlumatına görə, Alves zərərçəkmişə 150 min avro məbləğində təzminat ödəməklə, öz cəzasının yüngülləşdirilməsinə imkan verən məqama nail olmağa ümid bəsləyirdi. Amma zərərçəkmiş qismindəki qadın Alveslə barışmağa razı olmayıb. Qadının indiki vəziyyətdə barışıq haqda güzəştə getmənin mümkün olmadığını və braziliyalı futbolçunun qanun çərçivəsində cəzalandırılmalı olduğunu təkid etdiyi vurğulanır.

Xatırladaq ki, hələ, bir neçə ay əvvəl Dani Alvesin vəkilləri qadınla maddi təzminat haqda danışıqlar aparmağa çalışsalar da, o, bundan imtina etmişdi.

Xatırladaq ki, Dani Alves 6 aydan çoxdur ki, Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb.

Daha əvvəl Barselona məhkəməsinin Dani Alvesin işi üzrə istintaqı yekunlaşdırdığı və məhkəmə prosesinin tezliklə başlamalı olduğu açıqlanmışdı. Bundan sonra məhkəmənin braziliyalı futbolçu barəsində müvafiq hökm verəcəyi barədə məlumatlar yayılmışdı.