Zorlama ittihamı ilə 4,5 il müddətinə həbs cəzasına məhkum edilmiş Braziliya millisinin sabiq müdafiəçisi Dani Alves yeni ittihamla üzləşib.
Arena.az xəbər verir ki, Alves bu dəfə müəllif hüquqlarının pozulması ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
Bu barədə AS dərgisi məlumat yayıb. Mənbənin məlumatına görə, 2020-ci ildə Alves koronavirus pandemiyası ilə bağlı dezinformasiyaya qarşı mübarizəyə yönəlmiş layihədə iştirak edərkən “Avião” adlı mahnı dərc etdirib. Mahnının müəllifləri arasında bir neçə tanınmış sənətçi var. Amma iki braziliyalı bəstəkar – Culiano Mateus və Tyaqo Mateus, Alvesin onların adlarını mahnının yaradıcıları siyahısından çıxardığını iddia edir:
“Dani Alves saxtakarlıqla əsl yaradıcıların adlarını xaric edib. Başqa sözlə, yalançı müəlliflik əsəri BMT-nin yalan xəbərlərinə qarşı tədbir aparmaq üçün istifadə edilib”, – mənbə latınamerikan ifaçıların bəyanatından sitat gətirir.
Daniel Alvesin tezliklə Braziliya məhkəməsi qarşısına çıxacağı, amma videobağlantı vasitəsilə ifadə verəcəyi vurğulanır.
Xatırladaq ki, Daniel Alves 1 milyon avro məbləğində girov müqabilində həbsxanadan buraxılıb. Sabiq futbolçu zorlama ittihamı ilə 4,5 il müddətinə məhkum edildiyi həbs cəzasından verdiyi şikayət ərizəsi ilə əlaqədar iş aparılacağı müddətdə evində məhkəmənin müəyyən etdiyi şərtlər daxilində azad yaşaya bilər.