Dani Alves zaminə buraxılandan sonra ilk dəfə meydana çıxdı

Braziliya millisinin keçmiş müdafiəçisi Dani Alves həbsdən çıxdıqdan sonra ilk dəfə futbol meydanında gözə dəyib.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, zorlama ittihamı ilə məhkumluğuna etiraz etmiş Alves cari ilin mart ayında 1 milyon avro məbləğində girov ödədikdən sonra sərbəst buraxılıb.

Mənbənin məlumatına görə, sonuncu dəfə 2023-cü ildə peşəkar səviyyədə futbolda çıxış etmiş 41 yaşlı veteran futbolçu Barselonada süni örtüklü meydanda keçirilmiş qeyri-rəsmi oyunda iştirak edib. Alves Argentina nəhəngi “Boka Xuniors”un köynəyində meydana çıxıb, baxmayaraq ki, heç vaxt bu komandada oynamayıb. Daniel Alvesin yerli oyunçulara görüşlər təşkil etməsinə imkan verən proqram çərçivəsində oyuna qatılmağı təşkil etdiyi bildirilir.

Xatırladaq ki, Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Şikayət ərizəsinə baxılınca Dani Alves məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilər.

Hazırda zaminə buraxılmış Alvesin boynunda zorlama maddəsi ilə təqsirli bilinməklə 4,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası var və həmçinin məhkəmə Alvesi zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edib.