Daniel Alves 1 milyon avro girov müqabilində azadlığa buraxıldı

Braziliya millisinin məşhur sabiq müdafiəçisi, cinsi təcavüzdə ittiham edilərək həbsə məhkum edilmiş Daniel Alves azadlığa buraxılıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, Dani Alves 1 milyon avro məbləğində girov qarşılığında azadlığa buraxıb.

Bundan əvvəl Daniel Alvesin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayəti verib və yekun hökm çıxarılana qədər məhkumun azadlığa buraxılmasını tələb edib. Göründüyü kimi, vəkil buna nail ola bilib.

Bir müddət əvvəl Daniel Alvesin özü də barəsində çıxarılmış həbs hökmünün qüvvəyə minəcəyi vaxta qədər azadlığıa buraxılmasını məhkəmədən xahiş etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Daniel Alves zorlama işində təqsirli bilinərək, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Alves həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı.