Braziliya yığmasının sabiq müdafiəçisi Daniel Alvesin zorlama ittihamı ilə bağlı işi üzrə məhkəməsinin ikinci günü başa çatıb.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, cinsi zorakılıqda təqsirləndirilən Daniel Alves ailəsi ilə görüşdən imtina edib.
Mənbənin məlumatına görə, Alvesin anası məhkəmə zalına gəlib və oğlunu görmək istəyib. Amma məhkəmə başlamazdan əvvəl Alves anası və digər ailə üzvlərinin məhkəmə zalından çıxarılmasını istəyib.
Alvesin nümayəndələri məhkəməyə müraciət edərək, keçmiş futbolçunun ədalətli mühakimə hüququ pozulduğuna görə ona qarşı istintaqa xitam verilməsi barədə vəsatət qaldırıblar. Bundan əlavə, Alvesin müdafiəsi keçmiş futbolçunun zorakılıq hərəkətlərindən sonra ona qan alkoqol müayinəsinin edilmədiyini vurğulayıb. Amma hakim sabiq futbolçunun nümayəndələrinin vəsatətini rədd edib.
Məhkəmə davam edir. Prokurorluq müvafiq iş üzrə təqsirləndirilən Daniel Alvesə 9 il həbs cəzası və zərərçəkmişə 150 min avro məbləğində təzminat tələb edir. Həbsdən sonra isə Alvesi 10 il sınaq müddəti gözləyir.
Xatırladaq ki, Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb.


