Daniel Alves zorlamaya görə 4,5 il həbs cəzası aldı

Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alves zorlama ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Həmçinin Dani Alves vurduğu mənəvi ziyana görə zərərçəkmişə 150 min avro məbləğində təzminat ödəməyə mükəlləf edilib. Bununla yanaşı, həbs cəzası başa vurduqdan sonra Daniel Alvesə 5 illik sınaq müddəti qoyulub.

Xatırladaq ki, Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmamışdı. Hazırda ötənlərin məşhur futbolçusu cəzasını çəkməyə hazırlaşır.

40 yaşlı Dani Alvesin sonuncu iş yeri Meksikanın “Pumas” klubu olub. O, əvvəllər Braziliyanın “Bahia”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İspaniyanın “Sevilya” və “Barselona” klublarında çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən titullu iki futbolçusundan biridir.

Dani Alves 2006-cı ildən 2022-ci ilədək formasını geyindiyi Braziliya yığmasında 126 oyuna çıxıb. Sağ cinah müdafiəçisi bu oyunlarda 8 qol da vurub.