Daniel Alvesin girov pulunu kimin ödədiyi üzə çıxdı

Zorlamada ittiham edilən braziliyalı sabiq futbolçu Daniel Alvesin həbsxanadan buraxılmasına girov pulunu haradan əldə etməsi məlum olub.

Arena.az “Mundo Deportivo” nəşrinin ispan jurnalist Marisa Blaskesə istinadı əsasında məlumat verir ki, Daniel Alvesin həbsdən çıxmasına kömək edən girov pulunu Braziliyanın məşhur jurnalı verib.

Mənbənin məlumatına görə, nəşr mühüm şəxsiyyətlər haqqında mükəmməl reportajları ilə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanınıb. Vurğulanır ki, girov Daniel Alvesin həyatı ilə bağlı xüsusi hesabat müqabilində verilib. Danışıqlar, keçmiş braziliyalı futbolçunun həyat hekayəsini işıqlandıracaq sənədli videomüsahibənin aparılmasını ehtiva edib.

Xatırladaq ki, daha əvvəl Daniel Alvesin girov pulunu Madrid “Atletiko”sunun holland mərkəz hücumçusu Memfis Depayın ödədiyi güman edilirdi. Amma Depayın agenti bu şayiələri təkzib edib.
Xatırladaq ki, martın 25-də Daniel Alves 1 milyon avro məbləğində girov müqabilində həbsxanadan buraxılıb. 40 yaşlı Dani Alves zorlama maddəsi ilə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib və həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Bununla belə, Alves hazırda hökmdən apellyasiya şikayəti verməkdədir. Veteran futbolçu tələb edilən girovu ödədiyi üçün apellyasiya prosesi zamanı evində qala bilər, amma Daniel bir sıra şərtlərə əməl etməlidir.

Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Şikayət ərizəsinə baxılınca Dani Alves məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilər.