“Real”ın və İspaniya yığmasının müdafiəçisi Daniel Karvaxal peşəkar futbolçu karyerasını bitirmək barədə düşünmədiyini bildirib.
Arena.az “The Athletic” dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:
“Müqaviləmin müddəti gələn yaya qədər qüvvədədir. Hazırda bu ehtimalı (karyeramı bitirməyi – redaktorun qeydi) nəzərdən keçirmirəm. Bu barədə ailəmlə danışmışam və onlara hər oyundan, hər məşqdən həzz almaq istədiyimi demişəm. İllər keçdikcə anlayırsan ki, hər anın qədrini daha da artırmalı və ondan həzz almalısan. Klubla münasibətim isə çox şəffafdır. Əgər hər iki tərəf əməkdaşlığı davam etdirməyə razılaşarsa, mən ümidvaram ki, uzun illər burada qalacağam”, deyə Karvaxaldan əminliklə vurğulayıb.
Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Karvaxalın “Real” karyerası ümumilikdə 421 oyun, 13 qol və 64 məhsuldar ötürmədən ibarətdir.
Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 51 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı ispan sağ cinah müdafiəçisinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.