Daniel Karvaxal “Xetafe”də – Rəsmi!

Madrid “Real”ının keçmiş sağ cinah müdafiəçisi Daniel Karvaxal bundan sonra İspaniyanın digər klubu “Xetafe”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Madrid təmsilçisi İspaniya millisinin sabiq sağ cinah müdafiəçisi ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalayıb.

34 yaşlı futbolçu karyerasında yeni səhifə açır. O, uzun illər formasını geyindiyi “Real”dan ayrıldıqdan sonra Madridin digər təmsilçisində çıxış edəcək.

Dani Karvaxal “Real”ın əsas komandasında 13 mövsüm keçirib. Bu müddətdə 450-dən çox oyuna çıxan müdafiəçi 27 titul qazanıb. Onun mükafatları arasında 6 UEFA Çempionlar Liqası, 4 İspaniya çempionluğu, 2 İspaniya Kuboku və 4 İspaniya Super Kuboku var. Dani həmçinin 6 dəfə klublararası dünya çempionatının və 5 dəfə UEFA Super Kubokunun qalibi olub.

Daniel Karvaxal 2002-ci ildə 10 yaşında “Real”ın akademiyasına qoşulub. 2012-ci ildə Almaniyanın “Bayer” (Leverkuzen) klubuna keçən müdafiəçi bir mövsüm sonra Madridə qayıdıb və əsas komandada möhkəmlənib. O, “Real”ın heyətində ümumilikdə 451 oyun keçirib və 14 qol vurub.

İspaniya millisində 51 oyun keçirmiş Karvaxal 2023-cü ildə UEFA Millətlər Liqasının, 2024-cü ildə isə Avropa çempionatının qalibi olub. O, 2024-cü ildə UEFA Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sına qol vurub və matçın ən yaxşı futbolçusu seçilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: