İtaliya yığmasının hücumameylli yarımmüdafiəçi Daniel Maldini “skuadra adzurra”nın heyətində debütünü şərh edib.
Arena.az məlumat verir ki, Maldininin debütü UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun İsrail yığmasına qarşı 4-cü tur ev oyununda (4:1) baş tutub:
“Bunlar qüvvətli, müsbət duyğular idi. Çox şadam ki, meydana çıxdım və oyun yaxşı keçdi. Onların qoluna qədər oyuna tam nəzarət edirdik, sonra öz oyunumuzu qoruyub saxlaya bildik və bu da özünü göstərdi. Bir qədər keyfiyyət gətirəcəyimə ümidvaram, onsuz da bu, çox olsa da, bacardığım qədər kömək etməyə çalışacağam. Valideynlərimin bura gəlməsinə şadam, mən evə qayıdanda hər şeyi müzakirə edəcəyik”, “Sky Sport Italia” dərgisi Maldinidən sitat gətirib.
Vurğulayaq ki, vaxtilə İtaliya yığmasında çıxış etmiş Paolo Maldininin oğlu və Çezare Maldinin nəvəsi olan Danielin millidəki debütündən sonra Maldini ailəsi tarixi ilkə imza atıb. Maldinilər İtaliya millisində üç nəsil forma geyinən ilk ailə olub.
Paolo Maldini İtaliya millisində 1988-ci ildən 2002-ci ilə qədər oynayıb. Onun atası Çezare Maldini isə yığmada 1960-1963-cü illər aralığında forma geyinib.
Hücumameylli yarımmüdafiəçi Daniel Maldini “Milan”ın yetirməsidir. Daniel Maldini “Montsa”ya 2024-cü ilin iyulunda “Milan”dan azad agent qismində keçib. Buna qədər Maldini “Spetsiya”, “Empoli” və “Montsa”da icarə əsasında çıxış edib. Maldininin “Montsa” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvədədir.
Cari mövsümdə Maldini “Montsa” üçün 8 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Daniel Maldini İtaliyanın U-18, U-19 və U-20 yığmalarına dəvət alıb və oyun təcrübəsinə malikdir.
Daniel Maldininin qənimətlər muzeyində “Milan”la İtaliya A Seriyası çempionluğu (2021/2022) var.
“Transfermarkt” internet-portalı 23 yaşlı italyan yarımmüdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.


