Daniel Parexo “Vilyarreal”la yeni müqaviləyə imza atdı

“Vilyarreal” komandanın ispan mərkəz yarımmüdafiəçisi Daniel Parexo ilə razılaşaraq, futbolçusu ilə müqavilə müddətini uzadıb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Parexo “Real”ın yetirməsidir. Yarımüdafiəçi “Real”ın alt sistemlərindən keçərək əsas komandaya yol tapsa da, burada möhkəmlənə bilməyib. Parexo karyerası ərzində “Quinz Park Reyncers”, “Xetafe” və “Valensiya”da çıxış edib. “Vilyarreal” Daniel Parexonu 2020-ci ilin avqustunda 2,25 milyon avro məbləğ müqabilində “Valensiya”dan heyətinə qatıb.

Cari mövsümdə Parexo “Vilyarreal”ın heyətində bütün yarışlarda 33 oyuna 3 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Parexonun “sarı sualtı qayıq”da çıxışının ümumi mənzərəsi isə belədir: 182 oyun, 12 qol, 31 məhsuldar ötürmə.

Daniel Parexonun qənimətlər muzeyində “Vilyarreal”la qazandığı Avropa Liqası (2020/2021) və “Valensiya” ilə qazandığı İspaniya Kuboku (2018/2019) var.

Daniel Parexo 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Parexo İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2007 və AÇ-2011-in qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.