Danilo: “Biz özümüzə bunu rəva görə bilmərik”

“Yuventus”un kapitanı, braziliyalı müdafiəçi Danilo Luis da Silva A Seriyasının 33-cü turunun “Kalyari” ilə səfər oyununu (2:2) şərh edib.

Arena.az Danilonun bu barədə fikirlərini təqdim edir:

“Baş məşqçimiz Massimiliano Alleqrinin dedikləri doğrudur: birinci hissə “Yuventus”un səviyyəsində olmadı. Bunu hamımız bilirik. Mübarizə aparıb tarazlıq yaratmağa xasiyyətimiz çatdı, amma bu, kifayət etmədi, çünki biz özümüzə belə bir birinci hissəni rəva görə bilmərik”.

Xatırladaq ki, Danilo Luis da Silva 2019-cu ilin avqust ayında İngiltərənin “Mançester Siti” klubundan 37 milyon avro qarşılığında “Yuventus”a gəlib. Sağ cinah müdafiəçisinin bu klubla 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, cari mövsümdə Turin klubunun heyətində bütün yarışlar çərçivəsində 28 oyuna çıxıb, 1 qol və 3 assistlə yadda qalıb. Braziliyalı futbolçu “Yuventus”da indiyə qədər bütövlükdə 191 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” (Madrid) və “Mançester Siti”də də oynayıb. O, Braziliya milli komandasında da 56 oyuna çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub .