Danilo Pereyra PSJ-ni tərk etdi, 5 milyon avro qazandırdı

Fransa çempionu PSJ iki futbolçusunu – dayaq yarımmüdafiəçisi Danilo Pereyra ilə mərkəz müdafiəçisi Joan Qadunu satmağa qərar verib.

Arena.az bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.

Danilo Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib. PSJ onun satışından 5 milyon avro qazanıb. 32 yaşlı futbolçu yeni klubu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Danilo Pereyra Portuqaliyanın “Eştoril” klubunun yetirməsidir. Yarımmüdafiəçi “Benfika”, “Parma”, “Aris”, “Roda”, “Maritimo”, “Portu” kimi klublarda da forma geyinib. 2020-ci ildən PSJ-də çıxış edən futbolçu bu komandada 157 oyun keçirib, 10 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Pereyra Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. O, 2015-ci ilin mart ayında debüt etdiyi Portuqaliya milli komandasında 74 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Joan Qadu isə Avstriyanın “Zalsburq” klubuna satılıb. PSJ onun satışından 10 milyon avro qazanıb. 17 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qadu PSJ-nin öz yetirməsidir. Amma o, doğma klubunu əsas komandada debüt etmədən tərk edib. Müdafiəçi Fransanın U-16 və U-18 yığmalarında da oynayıb.