Danilo “Yuventus”la yeni müqavilə bağladı

Braziliya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Danilo Luis da Silva Turin təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin rəsmi saytı məlumat yayıb.

31 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmə 2024-cü ilin yayına qədər idi.

Danilo Luis da Silva 2019-cu ilin avqust ayında İngiltərənin “Mançester Siti” klubundan 37 milyon avro qarşılığında “Yuventus”a gəlmişdi. Sağ cinah müdafiəçisi Turin klubunda indiyə qədər 142 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” (Madrid) və “Mançester Siti”də də oynayıb. O, Braziliya milli komandasında da 49 oyuna çıxıb və 1 qol vurub.

“Yuventus” onları icarəyə verdi

“Yuventus” sol cinah müdafiəçisi Luka Pelleqrinini də “Latsio”ya icarəyə verib. 23 yaşlı italiyalı futbolçu bu mövsümün sonuna kimi paytaxt təmsilçisində çıxış edəcək. Lakin müqavilədə satınalma ilə də bağlı şərt var. 2019-cu ildə “Latsio”nun əzəli rəqibi “Roma”dan “Yuventus”a keçən Pelleqrini Turin təmsilçisində 21 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə müəllifi olub. O, bu mövsümün ilk dövrəsini Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunda (14 oyun) icarədə keçirib. Luka yetirməsi olduğu “Roma”dan başqa, “Kalyari” və “Cenoa”da da forma geyinib. Müdafiəçi İtaliya yığmasında da 1 oyun keçirib.

“Yuventus” fransalı yarımmüdafiəçisi Marle Akeni də “Dijon”a icarəyə verib. 22 yaşlı vinger bu mövsümün sonunadək icarədə oynayacaq. Marsel “Olimpik”inin yetirməsi olan futbolçu “Yuventus”a 2021-ci ilin yanvar ayında transfer olunub. O, Turin klubunun əsas komandasında cəmi 6 matç keçirib və 1 məhsuldar ötürmə müəllifi olub.

“Yuventus”un U-21 komandasında forma geyinən Emanuele Zuelli “Piza”ya, Feliks Korreya isə “Maritimo”ya icarəyə verilib. Hər iki gənc futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək.

“Latsio” da yarımmüdafiəçisi Raul Moronu İspaniyanın “Real Ovyedo” klubuna icarəyə verib. İspaniyadan olan 20 yaşlı vinger bu mövsümün sonunadək icarədə olacaq. İspaniyanın gənclərdən ibarət yığmasının üzvü bu mövsümün ilk dövrəsini də “Ternana”da icarədə keçirib.

Əvəzində “Latsio” paraqvaylı hücumçu Dieqo Qonsalesi icarəyə götürüb. Roma klubu onu Meksikanın “Selaya” klubundan satınalma şərti ilə heyətinə qatıb. 20 yaşlı forvard Paraqvayın gənclərdən ibarət yığmasında da çıxış edir.