Darvin Maçis hücum və bədən xəsarəti yetirməkdə təqsirli bilindi

Cari mövsümdə “Valyadolid”də icarə əsasında oynayan “Kadis”in vingeri Darvin Maçis hücum və bədən xəsarəti yetirməkdə təqsirli bilinib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Maçis və bir neçə dostunun birlikdə futbolçunun keçmiş həyat yoldaşının yeni tərəf müqabilini döydüyü və nəticədə məhkəməyə verildiyi bildirilir. İttiham tərəfi venesuelalı futbolçuya 4 il həbs cəzası istəyib. Bununla belə, məhkəmə Maçisin əvvəllər heç bir cinayət törətmədiyini və günahını etiraf etdiyini nəzərə alaraq, 30 yaşlı futbolçunu zərərçəkmiş tərəfə 9600 avro məbləğində cərimə ödəməyə müvafiq hökmlə mükəlləf edib. Hökmün elan olunduğu tarixdən etibarən Maçisə iki il ərzində keçmiş həyat yoldaşına və onun ortağına 100 metrdən az məsafəyə yaxınlaşmaq qadağan edilib.

Darvin Maçis Venesuela yığmasının üzvüdür. 30 yaşlı futbolçu millidə 40 oyuna çıxıb, 9 qola imza atıb. O, “Qranada”, “Hueska”, “Leqanes”, “Mineros de Quayana”, “Udineze”, “Xuares”, “Vitoriya Gimaraynş”, “Herkules” kimi klubların da formasını geyinib.

Xəbəri istədiklərinizlə paylaşın