Daşdəmirov: “Bu inamı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”

“Sabah”ın mövsümlərarası fasilə dönəmindəki ilk transferi olan Rəhman Daşdəmirov bu keçidi ilə bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, gənc futbolçu “Sabah”ın üzvü olmaqdan şad olduğunu deyib.

O, paytaxt klubunun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Sabah”la müqavilə bağladığıma görə çox şadam. Bu cür iddialı kollektivin bir parçası olmaq qürurvericidir. Mənə etimad göstərildiyinə görə təşəkkür edirəm. Əlimdən gələni edəcəyəm ki, mənə olan inamı doğruldum. Azarkeşləri növbəti mövsümdə də komandamızı sona kimi dəstəkləməyə çağırıram. İnanıram ki, birlikdə böyük uğurlara imza atacağıq”.

Xatırladaq ki, Rəhman Daşdəmirov “Sabah”a “Şamaxı”dan transfer olunub. Gənc müdafiəçi yeni klubu ilə 2 illik müqavilə bağlayıb.