David Akintola “Adana Dəmirspor”u “Rizəspor”a dəyişdi

“Adana Dəmirspor”un sağ cinah vingeri David Akintola bu klubdan ayrılaraq Super Liqanın digər təmsilçisi “Rizəspor”a keçib.

Arena.az xəbər verir ki, nigeriyalı vinger azad agent kimi qoşulduğu yeni klubu ilə ilyarımlıq (2025-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb.

David Akintola 2021-ci ilin iyulunda 1 milyon avro qarşılığında keçdiyi Adana klubunun heyətində 77 oyuna çıxıb, 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 28 yaşlı futbolçu “Hatayspor”, “Rusenborq”, “Hauqesund”, “Jerv”, “Omoniya” (Nikosiya), “Midtyulland” kimi klubların da formasını geyinib.

Akintolanı heyətinə qatan “Rizəspor” hücumameyilli yarımmüdafiəçisi Oskar Pinçini İspaniyanın “Rasinq Ferrol” klubuna icarəyə verib. 28 yaşlı ispan futbolçu mövsümün sonuna kimi ölkəsində top qovacaq. Onun Rizə klubu ilə 2025-ci ilin 30 iyununa qədər müqaviləsi var. Pinçi “Rizəspor”a 2023-cü ilin avqustunda azad agent kimi qoşulsa da, bu komandada keçirdiyi 15 oyunda heç nə ilə yadda qalmayıb. O, “Mirandes”, “Ekstremadura”, “Fuenlabrada”, “Depor Fabril”, “Las Palmas”, “Deportivo” (La Korunya) kimi klubların da şərəfini qoruyub.

“Rizəspor” mərkəz yarımmüdafiəçisi Leboqanq Phiri ilə də yollarını ayırıb. Cənubi Afrika Respublikasından olan 29 yaşlı futbolçu azad agent kimi Fransanın “Genqam” klubuna keçib və 6 ay + 1 illik müqaviləyə imza atıb. O, “Rizəspor”a 2021-ci ildə məhz “Genqam”dan gəlmişdi. Lakin yarımmüdafiəçi Super Liqa klubunda cəmi 17 oyuna çıxıb və 2 assistlə yadda qalıb. Phiri “Bröndbü”, “Genqam” və “Paris”də də oynayıb. O, ölkəsinin yığmasında da 6 oyun keçirib, 1 qol vurub.

“Rizəspor” digər futbolçularından Mustafa ŞengülOzan İsmail Koçu “Zonquldak Kömürspor”a, Zafer Görgeni isə bu mövsümün sonuna kimi “Bandırmaspor”a icarəyə verib. Super Liqa klubu onların əvəzində “İstanbulspor”dan Muammer Sarıkayanı icarəyə götürüb.