David Alaba aldığı ağır zədə haqda ilk dəfə söhbət açdı

“Real”ın avstriyalı mərkəz müdafiəçisi David Alaba aldığı ağır zədə – dizinin çarpaz bağlarının yırtığı haqda ilk dəfə danışıb.

Arena.az xatırladır ki, Alaba İspaniya La Liqasının 17-ci turu çərçivəsində “Vilyarreal”la oyununda (4:1) zədələnmişdi.

“Nə baş verdiyini anlamaq üçün mənə bir qədər vaxt lazım oldu. Karyeram boyunca bir sıra çətinliklərlə üzləşmişəm, amma bu, ən çətini ola bilər. Komanda yoldaşlarıma, kluba, ailəmə və hər kəsə, dəstəklərinə görə minnətdaram”, – Alaba sosial şəbəkə hesablarının biri üzərindən dərc edib.

Vurğulayaq ki, alabanın zədəsi çox ciddidir və avstriyalı futbolçu üçün mövsüm artıq bitib. Hazırda David bərpa mərhələsindən keçir.

Alaba bu mövsüm “Real”ın heyətində çarpaz bağ yırtığından əziyyət çəkən üçüncü futbolçudur. Alabaya qədər “Real”ın belçikalı qapıçısı Tibo Kurtua müvafiq zədə alaraq cari mövsümə başlamadan mövsümün sonuna qədər sıradan çıxmışdı. Daha sonra braziliyalı mərkəz müdafiəçi Eder Militao bu fəsadla sıradan çıxıb.

David Alaba “Real”a 2021-ci ilin iyulunda azad agent qismində “Bayern”dən keçib. Alabanın “Kral klubu” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər sonuna qədər qüvvədədir.

Cari mövsümdə avstriyalı müdafiəçi “Real”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 2 məhsuladar örürmə verib.

Alaba “Real”la İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Alaba 2009-cu ilin oktyabrında debüt etdiyi Avstriya yığmasının heyətində 105 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.