David Alaba Bakıya gələsi olmadı

Avstriya millisinin kapitanı David Alaba AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Ralf Ranqnik Alabaya dəvət göndərsə də, tibbi müayinədən sonra yığmanın oyunlarına hazır olmayacağı müəyyənləşib. Bu üzdən də müdafiəçi heyətdən çıxarılıb.

İspaniyanın “Real” klubunun 31 yaşlı oyunçusu Madrid təmsilçisinin düşərgəsində qalacaq.

Yeri gəlmişkən, Avstriya yığmasının daha bir futbolçusu Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək seçmə mərhələ oyunları ərəfəsində heyətdən çıxarılıb. Yığmanın mətbuat xidmətinin yaydığı məlumata görə, Alabadan sonra digər müdafiəçi Stefan Poşun da qarşıdakı matçları buraxacağı dəqiqləşib. Bu səbəbdən baş məşqçi Ralf Ranqnik onun heyətə cəlb olunmamasını qərara alıb. İtaliyanın “Bolonya” klubunun üzvü əzələ zədəsindən əziyyət çəkir.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması bundan üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Xatırladaq ki, David Alaba 2009-cu ildən formasını geyindiyi Avstriya yığmasında 103 oyun keçirib, 15 qola imza atıb. Stefan Poş isə 2019-cu ildən Avstriya millisinin uğurları üçün çalışır. 26 yaşlı sağ cinah müdafiəçisi yığmada 26 oyun keçirib, 1 qol vurub.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Belçika və Azərbaycanla keçiriləcək oyunlar ərəfəsində fikirlərini bölüşüb. Alman mütəxəssis məqsədlərinin hər iki görüşdə qələbə qazanmaq olduğunu bildirib. O, itkilərin çox olmasından narahatlığını da gizlətməyib:

“Bizi Belçika və Azərbaycanla ağır oyunlar gözləyir. Belçika qrup birinciliyi uğrunda əsas rəqibimizdir. Bakı səfəri də az əhəmiyyət kəsb etmir. Azərbaycan yığması öz meydanında rəqibləri ilə yaxşı mübarizə aparır. Belə bir vəziyyətdə heyətdə ciddi itkilərin olması heç də yaxşı hal deyil. Kapitanımız David Alabanı da zədə ucbatından heyətdən çıxarmalı olduq. Ancaq inanıram ki, onların yerinə çağırılanlar bu yoxluğu hiss etdirməyəcəklər”.

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində ilk matçını məhz Avstriya yığmasına qarşı keçirib və 1:4 hesabıyla uduzub. Komandamız hazırda 1 xalla 5 komanda arasında 4-cü pillədə qərarlaşıb. Avstriya isə 13 xalla 2-cidir.