David Alaba karyerasını bitirə bilər

Avstriya yığmasının və Madrid “Real”ının müdafiəçisi David Alaba peşəkar futbolçu karyerasını bitirmək seçimini nəzərdən keçirir.

Arena.az xəbər verir ki, Alaba məşqlərə qayıtdıqdan sonra ağrılar yaşayır.

İddiaya görə, futbolçu oynaq qığırdaqlarının incəlməsi səbəbindən əziyyət çəkir. Bu fəsadın avstriyalı oyunçunun yenidən yüksək səviyyədə çıxış etməsinə mane olacağından şübhələnirlər.

Xatırladaq ki, Alaba 2024-cü ilin dekabrında aldığı zədədən – diz çarpaz bağlarının qopmasından 2025-ci ilə qədər sağalmayacaq. 32 yaşlı futbolçunun bərpa prosesi ləngiyir. Adətən müvafiq zədədən sonra futbolçular 150-200 gün sonra yüngül qaçışlara başlayırlar. Alaba isə aldığı zədədən 200 gündən çox ötməsinə rəğmən, hələ də sıraya dönə bilməyib.

Xatırladaq ki, Alaba İspaniya La Liqasının 2023/2024 mövsümünün 17-ci turu çərçivəsində baş tutan “Vilyarreal”la oyunda (4:1) zədələnmişdi.

David Alaba “Real”a 2021-ci ilin iyulunda azad agent qismində “Bayern”dən keçib. Alabanın İspaniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə avstriyalı müdafiəçi “Real”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 2 məhsuladar örürmə verib. Cari mövsümdə isə o, hələ meydana çıxmayıb. Alabanın Madrid klubundakı karyerası 102 oyun, 5 qol və 9 assistdən ibarətdir.

Alaba “Real”la İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Alaba daha öncə Almaniyada “Bayern” və “Hoffenhaym” klublarının uğurları üçün çalışıb. O, xüsusilə Münhen təmsilçisi ilə çoxsaylı titullar əldə edib.

Alaba 2009-cu ilin oktyabrında debüt etdiyi Avstriya yığmasının heyətində 105 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 32 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.