“Mançester Yunayted”in şərəfini qoruyan David de Xea İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünün ən yaxşı qapıçısı elan edilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
De Xeanın komandası İngiltərə çempionatının 37-ci turunda səfərdə “Bornmut”a 1:0 hesabıyla qalib gəlib. Nəticədə ispaniyalı qolkiper cari mövsümdə 17-ci dəfə qapısını toxunulmaz saxlamağa nail olub.
Bu isə sona bir tur qalmış De Xeanın əsas izləyicilərinin ona çata bilməyəcəyi anlamına gəlir. Belə ki, “Liverpul”un qapıçısı Alisson Bekker 14, Nik Pope (“Nyukasl”) ilə Aaron Ramzdeyl (“Arsenal”) isə 13 quru oyun keçirib.
Beləliklə, De Xea karyerasında ikinci dəfə “Qızıl əlcək” mükafatına layiq görülüb. İngiltərə Premyer Liqasında mövsüm ərzində ən çox quru oyun keçirmiş qapıçılara məhz “Qızıl əlcək” mükafatı verilir.
Yeri gəlmişkən, De Xeanın bu göstəricisini daha da yaxşılaşdırmaq imkanı var. Belə ki, o, “Çelsi” ilə ev və “Fulhem”lə səfər oyunlarında da qapısını toxunulmaz saxlaya bilsə, “quru” oyunlarının sayını 19-a çatdıracaq.
İspan qolkiper karyerasında ikinci dəfədir “Qızıl əlcək” mükafatına layiq görülür. O, 2017/2018 mövsümündə də 18 “quru” oyunla digər həmkarlarını qabaqlamağı bacarmışdı.
Xatırladaq ki, David de Xea “Mançester Yunayted”ə 2011-ci ilin iyul ayında Madrid “Atletiko”sundan 25 milyon avro qarşılığında keçib. 32 yaşlı qolkiper indiyə qədər “qırmızı şeytanlar”ın heyətində 542 oyuna çıxıb, 586 qol buraxıb. O, 190 matçda da qapısını toxunulmaz saxlamağı bacarıb. De Xea MY-dən öncə yalnız “Atletiko”nun uğurları üçün çalışıb – 84 oyun, 112 buraxılmış qol, 23 “quru” matç.
De Xea İspaniya milli komandasında da 45 oyun keçirib.