Hazırda hələ də azad agent qismində gözləmə mövqeyi tutmuş ispan qapıçı David de Xea sabiq klubu “Mançester Yunayted”ə qayıda bilər.
Arena.az bu barədə “Sun Sport” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 2024-cü ilin əvvəlində kamerunlu qapıçı Andre Onana Afrika Millətlər Kubokuna yollancaq. Buna görə, “Mançester Yunayted” sabiq qapıçısı ilə qısamüddətli müqavilə imzalaya bilər. Turnirin final mərhələsi yanvar-fevral aylarında keçiriləcək.
Geridə qalmış 2022/2023 mövsümündə De Xea “Mançester Yunayted”in heyətində bütün yarışlarda 58 oyuna çıxıb, 61 qol buraxıb, 25 oyundan “quru” qurtulub. De Xeanın “qırmızı şeytanlar”la müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb. Təcrübəli ispan qapıçının hətta ehtiyat oyunçular skamyasında əvəzedici qapıçı kimi klubda qalmağa razı olmasına rəğmən, “qırmızı şeytanlar” De Xea ilə əməkdaşlığı davam etdirməkdən daşınıblar. Nəticədə “Mançester Yunayted”dən ayırılmış De Xea hazırda azad agent kimi gələn təklifləri dəyərləndirməklə məşğuldur.
David De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb. Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb.
İspaniya millisində 45 oyun keçirmiş De Xea “Mançester Yunayted”dən öncə yalnız yetirməsi olduğu Madrid “Atletiko”sunda forma geyinib.
“Transfermarkt” internet-portalı 32 yaşlı David de Xeanı 8 milyon avro məbləğində qiymətləndirir.