David De Xea nəhayət “Mançester Yunayted”dən getdi

İngiltərə nəhəngi “Mançester Yunayted”in ispan qapıçısı David de Xea azad agent qismində bu klubdan ayrılıb.

Arena.az bu barədə tərəflərin rəsmi bəyanatına istinadən xəbər verir.

De Xea bu xüsusda deyib: “Mən sadəcə olaraq bu vida ismarışını bütün “Mançester Yunayted” tərəfdarlarına göndərmək istədim. Son 12 ildəki sevgiyə görə sonsuz minnətdarlığımı və təqdirimi bildirmək istərdim”.

“Mançester Yunayted” ispan qapıçı ilə müqaviləsini yeniləməyib. Bu üzdən də De Xea 12 il çıxış etdiyi klubdan azad agent qismində ayrılmaq məcburiyyətində qalıb. De Xeanın “qırmızı şeytanlar”dan ayrılmaq istəmədiyi, hətta məvacibinin azaldılması hesabına komandada qalmaq istəyinə rəğmən, klub rəhbərliyi qapıçının bu təklifini maaşının daha da azaldılması təklifi ilə qarşılamışdı. Müqavilə müddəti başa çatınca isə De Xea azad agentə çevrilib.

Bununla belə, rəhbərlik başqa qapıçı imzalaya bilməyəcəyi halda, yenidən De Xeanı qaytarmaq haqda düşünürdü və ispan qapıçıya hələ, başqa klubla müqavilə bağlamaq icazəsini verməmişdi. Bu şifahi razılaşma De Xeanının yenidən “qırmızı şeytanlar”ın cərgəsinə qoşulması ehtimalını saxlasa da, ictimaiyyət müvafiq vəziyyəti “Mançester Yunayted” rəhbərliyinin veteran De Xeaya münasibətdə hörmətsizliyi kimi qiymətləndirmişdi. Nəhayət ki De Xea son qərarını verib.

Bütün “Mançester Yunayted” karyerası boyunca David De Xea “qırmızı şeytanlar”ın heyətində 545 oyuna çıxıb, 590 qol buraxıb, 190 oyundan “quru” çıxıb. O, “mankunianlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu, 2 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu və Avropa Liqasını qazanıb və bir dəfə bu turnirin finalçısı olub.

“Transfermarkt” internet-portalı De Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.

Səudiyyə Ərəbistanı klublarınıdan De Xeaya maraq göstərildiyi vurğulanır.

Xatırladaq ki, hazırda Mançester klubunun rəhbərliyi qapıçı axtarışındadır. Klub əsas qapıçı kimi, “İnter”də forma geyinən Andre Onananı transfer etmək haqda düşünür.