Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmış qapıçı David de Xea uğrunda Səudiyyə Ərəbistanının bir neçə klubu mübarizə aparır.
Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Ərəbistan klublarının nümayəndələri ispan qapıçının təmsilçiləri ilə əlaqə saxlayıblar. Azad agent statusuna malik təcrübəli qolkiper hazırda aldığı təklifləri götür-qoy etməklə məşğuldur.
“Bayern” də De Xeanı hədəfində saxlayıb. Alman nəhəngi eyni zamanda “Brentford”dan David Rayya və “Sevilya”dan mərakeşli Yassin Bononu komandanın qapıçı mövqeyini gücləndirmək üçün üstün seçimlər kimi nəzərdən keçirir.
David De Xea futbolçu karyerasının 12 ilini “Mançester Yunayted”də keçirib. İspan qapıçı “qırmızı şeytanlar”la İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, 2 dəfə İngiltərə Liqa kuboku, 3 dəfə İngiltərə Super Kuboku, Avropa Liqasını qazanıb.
Ümumilikdə De Xea “Mançester Yunayted”in heyətində 545 oyuna çıxıb, 590 qol “yeyib”, 190 oyundan “quru” çıxıb.
İspan qapıçının “qırmızı şeytanlarlar”la müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb. De Xea dəfələrlə “Mançester Yunayted”də qalmaq istəyini bildirsə də, bu istiqamətdə cəhdlər etsə də, İngiltərə nəhənginin rəhbərliyi veteran qapıçısı ilə müqaviləni yeniləməmək qərarını verib. “Mançester Yunayted” rəhbərliyinin De Xeaya bu qəbildən olan münasibəti futbol ictimaiyyətinin qınağına tuş gəlmişdi.
“Transfermarkt” internet-portalı 32 yaşlı David De Xeanı 13 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl De Xeanın “İnter”ə keçmək istəmədiyi haqda məlumat yayılmışdı.