David Neres oyundan sonra silahlı hücuma məruz qaldı

“Napoli”nin braziliyalı yarımmüdafiəçisi David Neres A Seriyasının “Parma” ilə 3-cü tur oyunundan (2:1) sonra silahlı hücuma məruz qalıb.

Arena.az xəbər verir ki, bu barədə brazilyalı futbolçunun həyat yoldaşı özünün sosial şəbəkə hesabı üzərindən məlumat verib:

“David çöldə onu gözləyən azarkeşlərdən üzr istəmək niyyətində idi. O, oyundan sonra stadionu tərk etmək istəyəndə motosikletdə olan iki nəfər onun avtomobilinə çarparaq, silah gücü ilə onu soyublar”, – Neresin həyat yoldaşı yazıb.

İtaliya mətbuatının yazdığına görə, futbolçunun bahalı saatı oğurlanıb.

Öz növbəsində hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıblar.

Xatırladaq ki, “Napoli” David Neresi avqustun 22-də Portuqaliyanın “Benfika” klubundan 28 milyon avroya transfer edib. 27 yaşlı futbolçu yeni klubu ilə 4+1 illik müqaviləyə imza atıb.

David Neres Braziliyanın “San Paulo” klubunun yetirməsidir. Onu Avropaya 2017-ci ilin yanvarında “Ayaks” gətirib. Niderland nəhəngi həmin vaxt bu transferi 17,4 milyon avroya rəsmiləşdirmişdi. 2022-ci ilin yanvarında “Ayaks” Neresi 12 milyon avroya Donetsk “Şaxtyor”una satmışdı. Elə həmin ilin iyulunda isə “Benfika” Ukrayna klubuna 15,3 milyon avro ödəyərək Davidi sıralarına cəlb etmişdi.

Neres “Benfika”nın heyətində 83 oyuna çıxıb, 17 qol və 26 məhsuldar ötürmə müəllifi olub. O, 2022/2023 mövsümündə bu klubla Portuqaliya çempionu olub.

Braziliyanın U-20 və U-23 yığmalarında da oynamış Neres, 2019-cu ilin martında əsas millidə debüt edib. O, yığma komandanın heyətində cəmi 8 matça çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.