Türkiyənin “Qaziantep” klubu heyətini daha 3 yeni futbolçu – David Okereke, Kristofer Lunqoyi və Badu Ndiaye ilə gücləndirib.
Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
David Okereke İtaliyanın “Kremoneze” klubundan transfer olunub. “Qaziantep” 27 yaşlı nigeriyalı hücumçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.
Karyerası ərzində “Spetsiya”, “Kozentsa”, “Brügge”, “Venesiya” kimi klubların da formasını geyinmiş Okereke, 2022-ci ildən çıxış etdiyi “Kremoneze”də 57 oyuna 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Kristofer Lunqoyi İtaliyanın “Yuventus” klubundan transfer edilib. Bu keçidin detalları açıqlanmasa da, 24 yaşlı sol vingerlə 2+1 illik müqavilə imzalanıb.
Əslən Konqodan olan Lunqoyi peşəkar karyerasına İsveçrənin “Servett” klubunda başlayıb. “Luqano”da da oynamış isveçrəli futbolçu 2021-ci ildə “Yuventus”a cəlb olunub. Turin klubunun əsas komandasında debüt şansı qazanmamış futbolçu “Luqano”, “Sankt Qallen”, “Askoli” və “İverdon Sport” kimi komandalarda icarədə olub.
Badu Ndiaye isə Türkiyənin digər klubu “Pendikspor”dan “Qaziantep”ə keçib. 33 yaşlı seneqallı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Ndiaye daha öncə Türkiyədə “Osmanlıspor”, “Qalatasaray”, “Fatih Karagümrük”, “Adana Dəmirspor” kimi klublarda da forma geyinib. Təcrübəli oyunçunun çıxış etdiyi komandalar arasında “Diambras”, “Bodo Qlimt”, “Stok Siti”, “Əl-Əyn”, “Aris” də var. Badu Seneqal yığmasında da 32 oyuna çıxıb, 2 qol və 1 assist müəllifi olub.
“Qaziantep”in mərkəz yarımmüdafiəçisi Jamiro Monteyro isə Niderlandın “Zvolle” klubuna keçib. Kabo Verde yığmasının üzvü yeni klubu ilə 2+1 illik anlaşıb. O, bu ilin fevralından formasını geyindiyi Türkiyə klubunun heyətində 13 oyuna çıxıb, 1 qol və 2 assistlə yadda qalıb. “Filadelfiya”, “San Xose”, “Kambur”, “Herakles Almelo”, “Mets” kimi klublarda da oynamış 30 yaşlı yarımmüdafiəçi Kabo Verde yığmasında 39 oyuna 5 qol vurub.