Futbol üzrə İspaniya millisinin və “Brentford”un qapıçısı David Rayya Premyer Liqanın digər təmsilçisi “Arsenal”a keçib.
Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir.
Rayya qarşıdakı mövsümü “topçular”ın heyətində icarə əsasında çıxış edəcək. Klublar arasındakı razılaşmaya əsasən, cari mövsümün tamamında “topçular”ın Rayyanı “arılar”dan satın almaq hüququ var. Rayya “Arsenal”da 22 nömrə altında çıxış edəcək.
“Arsenal” bir illik icarə üçün “Brentford”a 3,5 milyon avro ödəyəcək. Mövsümün sonunda futbolçunun transfer hüquqlarını almaq üçün isə 30 milyon avro əlavə ödəniş etmək lazım gələcək.
“David Premyer Liqada “Brentford” üçün yüksək səviyyədə oynamış yüksək keyfiyyətli qapıçıdır. Davidin gəlişi ilə biz komandamıza keyfiyyət və dərinlik gətiririk ki, bütün yarışlarda mümkün ən yüksək səviyyədə çıxış edə bilək”, deyə “Arsenal”ın idman direktoru Edu, Rayyanın transferini şərh edib.
Geridə qalmış 2022/2023 mövsümündə Rayya “Brentford”un heyətində 39 oyuna çıxıb, 47 qol buraxıb, 12 dəfə qapısının toxunulmazlığını qoruya bilib. Premyer Liqa klubu onu 2019-cu ildə “Bləkbörn”dən 3,5 milyon avro qarşılığında heyətinə qatıb. Qapıçı “Brentford”da ümumilikdə 161 matça çıxıb, 162 qol buraxıb, 54 “quru” matç keçirib.
Rayya 2022-ci ildə Luis Enrikenin rəhbərliyi altında İspaniya yığmasında debüt edib. İspan qapıçı yığmada keçirdiyi 2 oyunda 2 qol buraxıb.
Yeri gəlmişkən, “Brentford” digər qapıçısı Metyu Koksu da “Bristol Rovers”ə icarəyə verib. 20 yaşlı qolkiper də qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. İngiltərənin U-20 yığmasının da üzvü olan qapıçı “Brentford”a 2021-ci ilin iyulunda “Uimbldon”dan 500 min avro qarşılığında keçib.
“Brentford” yarımmüdafiəçisi Mads Bidstrupu da “Zalsburq”a satıb. 22 yaşlı futbolçunun satışı İngiltərə klubuna 6 milyon avro qazandırıb. O, “Brentford”da cəmi 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Danimarkalı futbolçu “Nordsyelland”, “Kopenhagen”, “Leypsiq” kimi klublarda da forma geyinib, ölkəsinin müxtəlif yaş qruplarından ibarət yığmalarında oynayıb.
“Arsenal” Markinyosu “Nant”a icarəyə verdi
“Arsenal” da sağ cinah vingeri Markinyosu Fransanın “Nant” klubuna icarəyə verib. 20 yaşlı braziliyalı qarşıdakı mövsümün sonuna kimi Liqa 1 təmsilçisində çıxış edəcək. Fransızlar bir illik icarə üçün London klubuna 300 min avro ödəyəcəklər.
Markinyos “Arsenal”a ötən ilin yayında yetirməsi olduğu “San Paulo”dan gəlib. “Topçular” 3,5 milyona aldıqları vingeri ötən mövsüm “Norviç Siti”yə icarəyə vermişdilər. O, “Arsenal”da cəmi 6 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.
“Nant” Yunanıstanın PAOK klubunun braziliyalı yarımmüdafiəçisi Duqlas Auqustonu da transfer edib. Fransızlar bu keçid üçün 5,5 milyon avro ödəyiblər. 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Auqusto 2019-cu ildən formasını geyindiyi PAOK-a qədər “Fluminense”, “Korintians” və “Bahia” kimi klubların da uğurları üçün çalışıb, Braziliyanın U-20 və U-23 yığmalarında oynayıb.
“Nant” öz braziliyalı dayaq yarımmüdafiəçisi Andrey Jirottonu isə Səudiyyə Ərəbistanının “Əl-Tavun” klubuna satıb. Liqa 1 təmsilçisi bu keçiddən 4 milyon avro qazanıb. 31 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. O, 2017-ci ildə “Tombense”dən 2,3 milyon avro qarşılığında keçdiyi “Nant”da 205 oyun keçirib, 12 qol və 7 assistlə yadda qalıb.