David Volkov yenidən “Zirə”də!

Bu gün “Sabah”la yollarını ayıran Gürcüstan milli komandasının hücumçusu Davit Volkov yenidən “Zirə”yə qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gürcü futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Zirə” tarixinin ən çox qol vuran futbolçusu olan Volkov 2020-2022-ci illər aralığında da bu komandanın şərəfini qoruyub.

Xatırladaq ki, bu gün “Sabah” Volkovla mövsümün sonunda başa çatan müqavilənin müddətinin yenilənmədiyini açıqlamışdı.

Davit Volkov 2022-ci ilin iyul ayından “Sabah”da forma geyinirdi. O, paytaxt təmsilçisində 71 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Gürcü oyunçu daha öncə Azərbaycanda “Zirə” (68 oyun, 22 qol, 11 məhsuldar ötürmə) ilə yanaşı, “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.