Futbol üzrə Çexiya yığmasının və “Benfika”nın sol cinah müdafiəçisi David Yurasek bundan sonra “Beşiktaş”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Beşiktaş” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. İstanbul klubu Yuraseki “Benfika”dan satınalma şərti ilə 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb.
“Beşiktaş” 2026-cı ilin yayında Yurasekin transfer hüquqlarını da almaq istəsə, Portuqaliya klubuna 8 milyon avro ödəməli olacaq. Üstəlik, “qara-qartallar” UEFA Çempionlar Liqasına vəsiqə qazansalar, “Benfika” daha 2 milyon avro bonus əldə edəcək.
Xatırladaq ki, David Yurasek “Zbroyovka Brno”, “Prosteyov”, “Mlada Boleslav”, “Slaviya” (Praqa) kimi klublarda da çıxış edib. 24 yaşlı futbolçu 2023-cü ildən “Benfika”dadır. O, ötən mövsümü Almaniyanın “Hoffenhaym” klubuna icarədə keçirib.
Çexiyanın U-17 və U-21 yığmalarında da oynamış David Yurasek 2023-cü ilin mart ayında əsas millidə debüt edib. O, Çexiya millisinin heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Yeri gəlmişkən, “Beşiktaş” sol cinah müdafiəçisi Artur Masuaku ilə də yollarını ayırdığını açıqlayıb. 31 yaşlı konqolu futbolçunun İstanbul klubu ilə müqaviləsinin müddəti başa çatıb. Türkiyə nəhəngi Yurasekin də gəlişi ilə onu heyətində saxlamağa ehtiyac duymayıb.
Masuaku 2022-ci ilin fevralından İstanbul klubunda çıxış edirdi. O, 2023/2024-cü illər mövsümündə “Beşiktaş”ın heyətində Türkiyə Kubokunu və Türkiyə Super Kubokunu qazanıb. Təcrübəli müdafiəçi bu komandada 108 oyun, 3 qol və 18 assistlə yadda qalıb.
Artur Masuaku karyerası ərzində “Vest Hem”, “Olimpiakos”, “Valensyenn” kimi klublarda da çıxış edib. O, Konqo Demokratik Respublikası yığmasında 36 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.