Davide Nikola Paulo Souza ilə əvəzləndi – “Salernitana”da

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Salernitana” komandasının baş məşqçisi Davide Nikola istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.

İtaliyadan olan 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatrıladaq ki, Nikola hələ yanvarın 16-da istefaya göndərilmiş, lakin bir neçə gün sonra geri qaytarılmışdı. Amma komandanın uğursuz çıxışı davam etdiyindən, o, bu dəfə birdəfəlik göndərilib.

A Seriyasında geridə qalan 22 turda cəmi 21 xal toplamış “Salernitana” turnir cədvəlində 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Bu oyunlarda cəmi 5 qələbə qazanmış komanda 6 oyunda da heç-heçəyə nail olub, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Davide Nikola 2022-ci ilin 15 fevralından “Salernitana”ya rəhbərlik edirdi və 2023-cü ilin 15 fevralında da yola salındı. O, bu komandanı bütövlükdə 38 oyuna çıxarıb. “Salernitana” bu görüşlərdə 9 qələbə qazanıb, 12 heç-heçə edib və 17 məğlubiyyətə üzülüb. O, daha öncə “Torino”, “Cenoa”, “Udineze”, “Krotone”, “Bari” və “Livorno” kimi klublarda da çalışıb.

“Salernitana”nın yeni baş məşqçisi də məlumdur. Komandanı bundan sonra Paulo Souza çalışdıracaq. Portuqaliyadan olan 52 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub. Lakin komanda A Seriyasındakı yerini qoruya bilsə, tərəflər arasında 2 illik yeni müqavilə avtomatik qüvvəyə minəcək.

Paulo Souza son olaraq Braziliyada “Flamenqo”ya rəhbərlik edib. O, 2021-ci ilin dekabrında baş məşqçi təyin olunduğu bu komandadan 2022-ci ilin iyununda ayrılmışdı və həmin vaxtdan işsiz idi. Portuqaliyalı mütəxəssis daha öncə KPR, “Suonsi Siti”, “Lester Siti”, “Videoton”, “Makkabi” (Təl-Əviv), “Bazel”, “Fiorentina”, “Tianjin Quanjian” və “Bordo” kimi klublarda da çalışıb. O, Portuqaliyanın U-16 yığmasında, həmçinin Polşa milli komandasında da baş məşqçi kimi fəaliyyət göstərib.