Davit Kovnatski rəsmən “Verder”də!

Futbol üzrə Polşa milli komandasının hücumçusu Davit Kovnatski yeni mövsümdən karyerasını “Verder”də davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu hazırda formasını geyindiyi Düsseldorf “Fortuna”sından ayrılmağa qərar verib. İkinci Bundesliqa klubu ilə müqaviləsinin müddəti bu ilin 30 iyununda bitəcək DÇ-2022-nin iştirakçısı Almaniyada iş yerini dəyişməyə qərar verib. O, əsas Bundesliqada mübarizə aparan “Verder”in təklifini qəbul edib. Hücumçu artıq sözügedən klubla rəsmi müqaviləyə imza atıb. Amma tərəflərin neçə illik anlaşdığı açıqlanmır. Polşalı oyunçu yeni klubuna 2023-cü ilin 1 iyulundan etibarən azad agent kimi qoşulacaq.

David Kovnatski 2019-cu ildən formasını geyindiyi Düsseldorf “Fortuna”sında 101 oyuna çıxıb. O, bu görüşlərdə 26 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Polşalı hücumçu “Lex” (134 oyun, 32 qol, 14 asist) və “Sampdoriya” (40 oyun, 10 qol, 4 asist) komandalarında da forma geyinib.

Kovnatski Polşa milli komandasında da 7 matça çıxıb və 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Verder” əsas Bundesliqada mövsümün sonuna bir tur qalmış 36 xalla 12-ci sırada yer alıb. Düsseldord “Fortuna”sı isə ikinci Bundesliqada sona bir tur qalmış 55 xalla 6-cı pillədə qərarlaşıb.