DÇ-2022: Braziliya darmadağınla, Xorvatiya penaltilərlə 1/4 finalda!

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatı (DÇ-2022) davam edir. Arena.az xəbər verir ki, bu gün mundialda 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Günün ilk matçında Yaponiya millisi Xorvatiya yığması ilə üz-üzə gəlib. Bu oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Hesabı ilk yarıda yaponlar açsa da, xorvatlar fasilədən az sonra buraxılan qolun cavabını verə biliblər. Əlavə vaxtda da başqa qol qeydə alınmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiqə yerinə yetirən Xorvatiya yığması adını 1/4 finala yazdırıb.

Digər görüşdə isə Braziliya milli komandası Cənubi Koreya seçməsi ilə qarşılaşıb. Cənubi amerikalılar bu oyunun taleyini elə ilk yarıda vurduqları 4 cavabsız qolla həll ediblər. Cənubi koreyalıların ikinci hissədə vurduqları yeganə qol isə təsəllidən başqa bir işə yaramayıb.

Bu cütlərin qalibi 1/4 finalda bir-birinə rəqib olub. Belə ki, Braziliya yığmasının yarımfinala vəsiqə uğrunda rəqibi Xorvatiya millisi olacaq.

Xatırladaq ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.

DÇ-2022
1/8 final
5 dekabr

Yaponiya – Xorvatiya 1:1 (penaltilər 1:3)
Qol: Dayzen Maeda, 43 – İvan Perişiç, 55.
Baş hakim: İsmail Elfat (Braziliya).
“Əl Cənub” stadionu.

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzunyo İto, 25. Dayzen Maeda.
Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç (k), 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkoviç.

Braziliya – Cənubi Koreya 4:1
Qol: Vinisius Junior, 7. Neymar, 13-pen. Rişarlison, 29. Lukas Paketa, 36 – Payk Sun Ho, 76.
Baş hakim: Kleman Türpen (Fransa).
“974” stadionu.

Braziliya: 1. Alisson Bekker, 14. Eder Militao, 3. Tyaqo Silva (k), 4. Markinyos, 2. Danilo, 5. Kazemiro, 10. Neymar, 7. Lukas Paketa, 9. Rişarlison, 11. Rafinya, 20. Vinisius Junior.
Cənubi Koreya: 1. Kim Sun Qyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Hın Min (k), 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan.