DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin mart ayına nəzərdə tutulan oyunlarını təxirə salıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, mart ayında keçirilməli olan oyunlarda iştirak edəcək Cənubi Amerika futbolçularını koronavirus səbəbindən vaxtında toplamaq mümkün olmayacaq. Bu üzdən də yerli federasiyaların da istəyi ilə qarşılaşmaların təxirə salınması qərara alınıb.

Təxirə salınmış qarşılaşmaların nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib. Bununla bağlı qarşıdakı aylarda mövcud vəziyyətə uyğun qərar veriləcək.

Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir. Bu üzdən də milli komandalar heyətlə bağlı problemlərlə üzləşiblər.