Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun 4-cü turunda Qazaxıstan seçməsinin qonağı olub.
Beş gün əvvəl Bakıda bu rəqibinə məğlub olan (2:4) millimiz bu dəfə səfərdə uğur qazanmağa çalışıb. Astanadakı “Jekpe-Jek” Sarayında baş tutan və sloveniyalı hakimlərin idarə etdiyi yığmamız üçün üçün uğursuz alınıb. Halbuki, oyunda hesabı millimiz açıb. Əvvəlcə Amadeu rəqib torunu silkələyib. 5 dəqiqə sonra Qallo fərqi artırıb. Ancaq meydan sahibləri fasiləyə qədər status-kvonu bərpa ediblər. İkinci hissə komandamız üçün yaxşı başlamayıb. Bu dəfə Duqlas çərçivəni dəqiq nişan almaqla Qazaxıstanı oyunda ilk dəfə önə keçirib.
Bu gün A qrupun digər oyununda Niderland və Rumıniya milliləri qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, komandamız daha öncə Bakıda Niderland yığamasına qalib gəlmişdi – 6:1. İlk turda isə Rumıniya ilə oyun millimizin məğlubiyyəti ilə başa çatmışdı – 1:3.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
11 oktyabr
Qazaxıstan – Azərbaycan 3:2
Qollar: Leo, 12:32. Birjan Orozov, 17:16. Duqlas, 21:33 – Amadeu, 3:05. Qallo, 7:59.
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov.
(Hakimlər briqadası Bolqarıstandandır).
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Morten Engebretsen.
Astana, “Jekpe Jek Arena”. Saat 18:00.
Qazaxıstan: 2. İqita (k), 6. Edson, 12. Dauren Tursaqulov, 14. Duqlas, 17. Birjan Orozov, 16. Narun Serikov, 8. Leo, 9. Albert Akbalıkov, 10. Çingiz Yesenamanov, 11. Arnold Knaub, 13. Rayımbek Juma, 15. Oizhas Taibassarov, 18. Akjol Daribay, 20. Rəsul Abdumanapuli.
Baş məşqçi: Rikardo Kaka.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo Borges, 9. Rafael Vilela, 13. Qallo, 14. Amadeu, 1. Emin Kürdov (k), 4. Murad Quluzadə, 10. Maneka, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 16. Xəzər Ağalızadə, 17. Amir Sojaei, 20. Qabriel Bastos.
Baş məşqçi: Vitali Borisov.
Xal durumu: Qazaxıstan – 12. Rumıniya – 7. Azərbaycan – 3. Niderland – 1.