DÇ-2024: Azərbaycan millisi üçüncü səbətdə

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının (DÇ-2024) elit-raundunun püşkü iyunun 8-də atılacaq.

Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzi-qərargahında baş tutacaq püşkatma mərasiminə saat 16:00-da start veriləcək.

Artıq komandalar səbətlərə bölünüblər. Əsas mərhələni ən yaxşı qrup ikincisi kimi tamamlayan və bu mərhələyə birbaşa vəsiqə qazanan Azərbaycan millisi elit-raund üçün hazırlanmış 3-cü səbətdə yer alıb. Komandamızdan başqa bu səbətdə Ermənistan, Fransa, Serbiya və Sloveniya yığmaları qərarlaşıb. Bu isə o deməkdir ki, millimiz püşkdən sonra öz qrupunun 3-cüsü olacaq bu 4 komandanın heç biri ilə eyni qrupda yer almayacaq.

Səbətlərin tərkizi belədir:

1-ci səbət
Xorvatiya
Qazaxıstan
Portuqaliya
İspaniya
Ukrayna

2-ci səbət
Gürcüstan
İtaliya
Polşa
Rumıniya
Slovakiya

3-cü səbət
Azərbaycan
Ermənistan
Fransa
Serbiya
Sloveniya

4-cü səbət
Belçika
Çexiya
Finlandiya
Almaniya
Niderland

20 komanda 5 qrupda

Elit-raundda bu 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər prinsipi ilə mübarizə aparacaq. Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

6 oyun üçün 3 ay

Elit-raund mərhələsinin oyunları 3 ay ərzində keçiriləcək. Tarixlər bu şəkildə müəyyənləşdirilib:

11-20 sentyabr
2-11 oktyabr
11-20 dekabr

Səfərdə başlayıb, səfərdə də yekunlaşdıracağıq

Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsindəki ilk oyununu səfərdə keçirəcək. UEFA artıq oyun cədvəlinin ardıcıllığını da açıqlayıb. Sentyabrda rəqib meydanında bu mərhələyə start verəcək komandamız daha sonra Bakıda oyun keçirəcək. Oktyabrda isə əvvəlcə doğma məkanda, sonra rəqib meydanında gücünü göstərəcək. Dekabr ayında da yenə ilk matçı Bakıda oynayacaq komandamız mərhələnin son sınağını rəqib meydanında verəcək.

Xatırladaq ki, 6 dəfə Avropa çempionatının final mərhələsində iştirak etmiş Azərbaycan millisi artıq bir dəfə də dünya çempionatının final mərhələsində gücünü göstərib. 2016-cı ildə Kolumbiyada təşkil olunan mundialda uğurla çıxış edən yığmamız mübarizəni 1/4 finalda dayandırsa da, yekunda ən güclü 5-ci komanda olmağı bacarmışdı.