DÇ-2026: Braziliya qalib gəldi, Neymar Peleni geridə qoydu – Video

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 1-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə, Uruqvay yığması Çili millisini qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.

İlk turun sonuncu görüşü isə Braziliya və Boliviya yığmaları arasında baş tutub. Belendə, “Mangeyran” stadionunda keçirilən oyunda futbol dünyası “sambaçılar”ın superulduzu Neymarın “Futbol Kralı” Pelenin Braziliya millisində qol rekordunu nəhayət qıra bilib-bilməyəcəyinin intizarında idi. Pelenin sağlığında 77 qolluq bu rekordu heç bir futbolçu qıra bilməmiş, yalnız Neymara bu göstəricidə “Futbol Kralı” ilə bərabərləşmək müyəssər olmuşdu.

Oyun braziliyalıların yüksək səviyyəli futbol nümayiş etdirdiyi fəal hücumları ilə başlayıb. 17-ci dəqiqədə hakim qonaq futbolçunun əllə oyunu müqabilində penalti təyin edib və nöqtəyə Neymar yaxınlaşıb. Bütün futbol dünyası nəfəs kəsən bu məqamı intizarla izləyib. Braziliyalı superulduz penaltini özünəməxsus üslubda yerinə yetirib, amma qapıçı topu tutub. Və beləcə rekord baş tutmayıb. İlk baxışdan Neymarın penaltini aşkaq zəif yerinə yetirdiyi diqqət çəkib.

Neymar və Braziliya millisindən yeni rekord

24-cü dəqiqədə Rodriqo “sambaçılar”ı hesabda önə keçirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə braziliyalıların meydandakı tamaşası davam edib. 47-ci dəqiqədə Rafinya, 53-cü dəqiqədə isə Rodriqo Braziliya millisinin üstünlüyünü artırıb. Oyunun 61-ci dəqiqəsində səhnəyə Neymar çıxıb. Braziliyalı superulduz dördüncü qolu Boliviya yığmasının qapısından keçirməklə “selesao”nun heyətində 78-ci qoluna imza atıb. Beləliklə Neymar Braziliya millisinin heyətində vurduğu qolların sayına görə “Futbol Kral”ı Peleni ötüb. Oyunun 78-ci dəqiqəsində qonaqlar təsəlli qolunu vurublar. Sonuncu dəqiqəyə əlavə edilmiş 3-cü təzminat dəqiqəsində Neymar beşinci topu rəqib qapısından keçirib və “selesao”nun qələbəsinə rəng qatıb.

Beləliklə, Boliviya ilə görüşdə dubla imza atan Neymar 79 qolla milli tarixinin ən məhsuldar oyunçusuna çevrilib. 31 yaşlı futbolçu buna 125 oyunda nail olub. Pele isə 77 qolunu 92 oyuna vurmuşdu.

Braziliya millisi də bu qələbə sayəsində Cənubi Amerika rekordunu yeniləyib. Sözügedən komanda dünya çempionatının seçmə mərhələlərində məğlubiyyətsizlik seriyasını 35 oyuna çatdırmaqla buna nail olub. Braziliya yığması bu göstərici ilə dünyada ən yaxşı üçüncü seriyaya malikdir. Rekord isə İspaniyaya məxsusdur. “Buğalar” 1993-2021-ci illər aralığında 66 matçda uduzmayıblar. Almaniya isə ardıcıl 36 görüşdə məğlubiyyətlə üzləşməyib.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
8 sentyabr

Paraqvay – Peru 0:0

Kolumbiya – Venesuela 1:0
Qol: Borre, 46.

Argentina – Ekvador 1:0
Qol: Messi, 78.

9 sentyabr

Uruqvay – Çili 3:1
Qollar: De La Krus, 38; 71. Valverde, 45+2 – Vidal, 74.

Braziliya – Boliviya 5:1
Qollar: Rodriqo, 24; 47; 53. Neymar, 61; 90+3 – Abreqo, 78.