2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2030) ev sahibliyi edəcək ölkələrin adına rəsmən aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu gün Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) növbəti iclasını keçirib və gündəlikdəki əsas məsələ üzrə qərarını qəbul edib.
Bütün konfederasiyalarla geniş məsləhətləşmələrdən sonra və FIFA Dünya Kubokunun 100-cü ildönümünün qeyd olunmasının əhəmiyyətini nəzərə alaraq, FIFA Şurası 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibliyi ilə bağlı əsas qərarını təsdiqləyib. Beləliklə FIFA Şurası üç qitəni – Cənubi Amerika, Avropa və Afrikanı, altı ölkəni – Uruqvay, Argentina, Paraqvay, İspaniya, Portuqaliya və Mərakeşi bir araya gətirməklə, dünya çempionatının 100-cü ildönümü ilə bağlı nəhəng turniri onlara etibar edib.
1930-cu ildə Uruqvayda keçirilmiş ilk dünya çempionatının 100 illiyi şərəfinə Uruqvay, Argentina və Paraqvayda mundialın ilk üç oyunu keçiriləcək. Bu üç oyundan birincisi, əlbəttə ki, hər şeyin başladığı stadionda, Montevideodakı “Sentenario”da oynanılacaq.
DÇ-2030-un qalan əsas hissəsi isə Mərakeş, Portuqaliya və İspaniyada keçiriləcək. Afrika və Avropanın təkcə futbolu qeyd etmək üçün deyil, həm də özünəməxsus sosial və mədəni birlik yaratmaq üçün bir arada çıxış edəcək. Bu böyük sülh, tolerantlıq və birlik ismarışı olaraq rəmzi əhəmiyyət kəsb edir.
Beləliklə, yarış tarixdə ilk dəfə üç qitədə və altı ölkədə gerçəkləşəcək. Adı çəkilən 6 ölkənin hər biri sözügedən mundialda avtomatik iştirak hüququ da qazanacaq.
Bununla yanaşı, gündəlikdə 2034-cü ilin dünya çempionatının ev sahibliyi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Mundialı Asiya və ya Okeaniya təmsilçisinin qəbul etməli olduğu nəzərə alınıb. Bu məsələ ilə əlaqədar geniş müzakirlələr isə FIFA-nın ayrıca xüsusi toplantısında həllini tapacaq.
Vurğulayaq ki, qiyabi məlumata görə, 2034-cü ilin dünya çempionatına ev sahibliyi iddiasını Səudiyyə Ərəbistanı irəli sürüb. Qazaxıstan və Özbəkistanın birgə təkliflə çıxış edəcəyi haqda məlumat da sızıb.