“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Kevin De Bröyne futbolçuların iştirak etdiyi oyunların çoxluğu fəsadından söhbət açıb.
Arena.az RTBF dərgisinə istinadən, belçikalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Mövsümlər uzandıqca uzanırlar. Ola bilsin ki, bu mövsüm hər şey qaydasında olacaq, amma 2026-cı il dünya çempionatını nəzərə alsaq, təqvim daha da mürəkkəbləşəcək. Oyunçuların həmkarlar ittifaqlarından bəziləri həll yollarını tapmağa çalışdılar, amma heç nə dəyişmədi. UEFA və FIFA bu məsələyə əhəmiyyət vermirlər, çünki onları yalnız pul maraqlandırır, başqa heç nə!” deyə De Bröyne sərt bir tərzdə ali futbol qurumlarının ünvanına öz tənqidini səsləndirib.
Xatırladaq ki, son illərdə bir çox aparıcı futbolçular və məşqçilər oyun təqviminin sıxlığı ilə bağlı şikayətlərini açıq-aşkar ifadə edirlər. Futbolun içində olan bu kəslər müvafiq təqvimin oyunçuların fiziki hazırlığı ilə yanaşı, oyun keyfiyyətinin nümayişinə də göstərdiyi mənfi təsiri əsas gətirərək, təqvim sıxlığının aradan qaldırılması ilə bağlı çözüm tələb edirlər. Amma FIFA və UEFA bu mənzərəni görməzdən gəlirlər. Zədəli futbolçuların yağışdan sonra göbələklər kimi artdığı ifrat sıx oyun təqvimi mənzərəsində mütəxəssislər bunun futbolun simasını eybəcərləşdirdiyi qənaətindədirlər.