Futbol üzrə Azərbaycan milli komandasının İtaliyadan olan baş məşqçisi Canni De Byazi ölkəsinin mətbuatına müsahibə verib.
Arena.az xəbər verir ki, 66 yaşlı mütəxəssis millimizdəki fəaliyyətindən də söz açıb.
İtaliyalı məşqçi Azərbaycanda Albaniya millisində qazandığı uğurları təkrarlamaq istədiyini, amma fərqli vəziyyətlə üzləşdiyini söyləyib:
“Azərbaycanda da Albaniyada bacardığımı təkrarlamaq istəyirdim. Amma müəyyən vaxtdan sonra anladım ki, burada vəziyyət bir qədər fərqlidir. Mən nəticə üçün yaşayıram. Ona görə də tez-tez uduzanda çox əsəbiləşirəm. Tezliklə Estoniya ilə qarşılaşacağıq. Həmin oyunda yaxşı nəticə qazanacağımıza inanıram”.
De Byazinin sözlərinə görə, bu ilin əvvəlində Azərbaycan yığmasından ayrıla bilərmiş: “Yanvarda Azərbaycan millisini başqa komandaya dəyişə bilərdim. Amma müqavilədəki öhdəliklərə hörmət etmək istədim və qaldım. Müqavillənin müddəti bitənə qədər də qalmağa davam edəcəyəm”.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edir. Yığmamız onun rəhbərliyi altında 32 oyun keçirib. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 18 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlayıb. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməlidir.