İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının 2024/2025-ci il mövsümünün püşkatmasının nəticəsi haqda danışıb.
Arena.az “Sports.es” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir.
Xatırladaq ki, İspaniya yığması 4-cü qrupa Danimarka, İsveçrə və Serbiya kollektivləri ilə birlikdə yer alıb:
“Qrupdan vəsiqə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını göstərməliyik. Bu tədbirdə iştirak etmək üçün seçilmiş 16 komanda arasında olmaqdan şadam. Belə mühüm turnirdə İspaniya yığmasına rəhbərlik etmək mənim üçün böyük şərəfdir.
Rəqiblər çox çətindir, çünki burada Avropanın 16 ən yaxşı komandası var və biz onların bizə təqdim etdikləri tələblərə cavab vermək istəyirik ki, bu da mütləq olacaq. Addım-addım, oyunbaoyun getməliyik, bunlar çox çətin görüşlər olacaq və hər bir rəqibin özünəməxsus xüsusiyyətləri var”, deyə De la Fuente bildirib.
“A” Liqasında Avropa futbolunun “qaymaqları” – Xorvatiya, Portuqaliya, İtaliya, Fransa, Almaniya və Niderland komandaları da yer alıblar.
Yarış 2024-cü ilin sentyabrında başlayacaq. UEFA Millətlər Liqasının final mərhələsi isə 2025-ci ilin iyununda baş tutacaq.