“Roma”nın baş məşqçisi Daniele De Rossi ukraynalı hücumçu Artyom Dovbikin “Jirona”dan “canavarlar”ın düşərgəsinə keçidini şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikrini təqdim edir:
“Futbolçularla danışıqlara gəlincə, klubun hər bir üzvü bu işdə öz rolunu oynayır. Hər bir məşqçi kimi mən də mümkün yeni gələcək futbolçularla ünsiyyət qururam – keçidlər başqa cür baş vermir. Dovbikin məsələsində əsas təsir onun Den Fridkinlə söhbəti oldu. Bizə belə bir futbolçu gərək idi və keçidi gerçəkləşdirmək üçün bacardığımızı etdik.
Dovbikin zamana ehtiyacı olacaq, amma o, artıq kifayət qədər yaxşı yerbəyer olub. Bütün yeni gələnlərimizin həqiqətən “Roma”ya qoşulmaq istədiklərini bilmək xoşdur – onlar daha sərfəli seçimlərdən imtina ediblər və adlı-sanlı klublara “yox” deyiblər”, deyə De Rossi vurğulayıb.
Xatırladaq ki, Dovbikin özü də “Roma”ya keçmək üçün Madrid “Atletiko”sunun təklifindən imtina edib.
Keçid “Roma”ya 30,5 milyon avro məbləğində başa gəlib. Ukraynalı futbolçu “canavarlar”la 5 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.
Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol vurub və 10 məhsuldar ötürmə verib.
Artyom Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 31 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Artyom Dovbikin qənimətlər muzeyində “Midtyulland” ilə qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.
Fərdi uğurlara gəlincə, Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.