De Rossi: “Belə oyunlar adamın ürəyini mütləq partladar”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avopa Liqasının 1/16 finalında “canavarlar”ın “Feyenoord”la oyunda dramatik qələbəsini şərh edib.

Arena.az məlumat verir ki, Romada keçirilmiş cavab oyununda İtaliya paytaxtının təmsilçisi ilk oyunda olduğu kimi 1:1 hesablı heç-heçə etsə də, penaltilər silsiləsində Niderland təmsilçisini keçə bilib – 4:2.

“Hər şeyin belə bitməsi əla oldu. Düşünürəm ki, qələbəmiz layiqli idi. Bəlkə də belə qələbə bizim azarkeşlər üçün ən gözəlidir, müəyyən olaraq bu klubun üslubundadır. Baxmayaraq ki, belə oyunlar adamın ürəyini mütləq partladar.

Bir vaxtlar bəxtimiz gətirmədiyi barədə fikirləri bir kənara qoyduq. Bu səhifəni çevirməyin vaxtıdır. Biz də tez-tez qalib gəlirik, bu, məni çox sevindirir. Stadion və oradakı ab-hava isə inanılmazdır”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.

Beləliklə, “Roma” yarışın 1/8 final mərhələsinə vəsiqəsini təmin edib.

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 23-də İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.